Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Susmaq, ya danışmaq? Yemək, ya ac qalmaq?

İmam Baqir (ə) nəql edir: "O zaman ki, Peyğəmbər (s) merac aləmində idi, Allah Təala buyurmuşdu: "Həqiqətən də Mənim bəndəm müstəhəblər vasitəsilə Mənə yaxınlaşar, o yerə qədər ki, Mən onu sevərəm. Onu sevdiyim üçün onun qulağı olaram ki, onunla eşitsin. Gözü olaram ki, onunla görsün. Dili olaram ki, onunla danışsın. Əli olaram ki, onunla götürsün. Əgər Məni çağırarsa, yerinə yetirərəm və əgər Məndən xahiş edərsə, ona verərəm"".

Bizi Allaha yaxınlaşdıran beş mütəhəb əməllə tanış olaq:

1. Sükut. Sükut dedikdə dili yersiz sözlər deməkdən saxlamaqdır. İnsan həyatının hər bir sahəsində hər kəsə qarşı dilini saxlamağı bacarmalıdır. Bu əməl müstəhəb olaraq, insana çox sayda faydalar qazandırar və onu qəbir sıxıntısından qoruyar. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman mömini sükut halında görsəniz, ona yaxınlaşın ki, sizə elm və hikməti ilqa edər. Mömin az danışar və çox əməl edər. Münafiq çox danışar və az əməl edər".

2. Yeməkdə pəhriz. Yeməyi çox yemək insana həm dünyada və də axirətdə bəlalar nazil edər. Cismini və ruhunu xəstə edər, Allahın qəzəbinə səbəb olar. Hədislərin birində oxuyuruq: "Allah yanında nifrət olunan insan o kəsdir ki, çox yatar, çox yeyər və çox içər". Ancaq əksinə, aclıq insanın həm cismini və həm də ruhunu pisliklərdən təmizləyər və onda ibadət ruhunu gücləndirər.

3. Gecə oyaq qalmaq. Həqiqi mömin o kəsdir ki, gecə namazına əhəmiyyət verər. Böyük alimlərdən biri nəql edir ki, İmam Zaman ağa (ə) ilə görüşən zaman mənə buyurdu: "Bizim şiələr üçün utancdır ki, gecə namazı qılmırlar".

4. Günah məclislərindən çəkinmək. Mömin o kəsdir ki, günah və xata işlətməkdən çəkinər və özünü haramlardan qoruyar. Belə ki, mömini Allaha yaxınlaşdıra bilən başqa müstəhəb əməllərdən biri də yersiz və günah məclislərindən uzaq olmasıdır. Həmçinin ona ziyan vura biləcək şər və fasid insanlardan çəkinməkdir. (Tebyan)

5. Davamlı zikr etmək. Quran buyurur: "(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam". ("Ənbiya" 87). Mömin Allahla daima rabitədə olmalıdır və bunu da zikrlə həyata keçirtmək olar. Hər zikri istəyirsə yerinə yetirsin, sadəcə niyyəti o olsun ki, İlahi qürb məqamına çatmaq istəyir və Allahın rəhmətini qazanmaq istəyir. İmam Sadiq (ə) buyurur:"Allahın xəlqi üçün vacib etdiyi ən çətin şey - Allahı çoxlu zikr etməkdir. Bəlkə məqsəd əməli zikr və Allahı o şeydə ki, halal və haram buyurmuşdur, yada salmaqdır ki, əgər Allaha itaət olarsa - əməl etsin və əgər günah olarsa - tərk etsin". İmamın (ə) buyurduğu kimi, zikr sadəcə dildə deyilən zikrlərlə bitmir. Əslində zikrin mənası genişdir, əmələ və yerinə yetirdiyimiz işlərə də aid edilir.

Milli.Az