Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Toylara getmirəm” - Fidan Hacıyeva - FOTO

"Karmen" operasını artıq 30 ildir ki, ifa edirəm. Bundan başqa operalar ifa etsəm də, bu opera mənim vizit kartıma çevrilib. Hara gedirəmsə "Karmen"-i istəyirlər. Həmin operanı çox sevirəm. Operanı sevmək lazımdır, mən 6 yaşımdan Bülbül adına orta ixtisas məktəbinə, fortepiano sinfinə getmişəm. Sonra konservatoriyada bakalavr, magistr, aspiranturanı bitirdim. 3 il İtaliyada oxumuşam. Bütün ömrümü bu sənətə həsr etmişəm. Onun üçün bu sənətdə mühafizəkaram".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, məşhur opera ifaçısı Fidan Hacıyeva deyib. Sənətkar ailə həyatından da danışıb.

"Planlı şəkildə olsa hər şeyi çatdırmaq olar. Sənətimlə də məşğul olub, uğurlar əldə edirəm. Amma axşam evə gedəndə ev işləri, uşaqların dərsləri ilə məşğul oluram, ailəmə, yoldaşıma, böyük diqqət göstərirəm. Uşaqlarımız böyüyür, onların təhsilinə böyük önəm veririk. Bu il iki övladım artıq hazırlığa gedir. Kiçik övladımın da 9 yaşı var. Skripka, fortepiano, gitara ilə məşğul olur. Musiqi duyumu məndən ona keçib. Çoxu elə bilir ki, biz xaricdə oluruq, amma biz Azərbaycanda yaşayırıq" deyə sənətkar bildirib.

Xalq artisti tələbələrindən, vokal məktəbindən də danışıb. 

"Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi"m fəaliyyət göstərir. Milli Konservatoriyada müəlliməyəm, orada da tələbələrim var. Baxmayaraq ki, özüm də səhnədəyəm, amma onlarla yaşayıram, indi onlara da öyrədirəm. Bu günlərdə İtalyan bəstəkarı Maskaninin "Kənd namusu" operasını ifa etdim, premyeram oldu. Bu sənəti sadəcə sevmək lazımdır. İnanın ki, Azərbaycanda nə qədər gənc opera ifaçıları var. Onları xalqa tanıtmaq lazımdır. Elə tələbələrim var ki, bir dənə opera buraxmırlar, hər dəfə gedib izləyirlər. İstərdim ki, onlara hansısa yollarla kömək edim. Efirlərə, radiolara çağırış edirəm ki, belə gənclərə dəstək olsunlar" deyə opera müğənnisi bildirib.

Xalq artisti nadir hallarda toylarda iştirak etdiyini bldirib.

"Çox yaxın dostlarım dəvət edəndə açılışda bir-iki mahnı ifa edirəm. Amma belə hər dəfə toya getmirəm. Klassik əsərlər ifa edirəm. Xalq mahnılarını da öz üslubumda ifa edirəm, fərqli olur. Toylarımızda xalq musiqilərimizi, bəstəkar mahnılarını elə gözəl təqdim etmək olar ki, toyun rəngi dəyişər. Sadəcə səliqəli musiqilərə müraciət etmək lazımdır" deyə xalq artisti bildirib.

Milli.Az