Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türk professorla MÜSAHİBƏ: Ermənistan bu fürsəti dəyərləndirməsə...

İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa qeyd edib ki, Azərbaycanın qazandığı zəfər bütün türk və islam dünyasına da sevinc gətirdi.

Publika.az türk professorla müsahibəni təqdim edir:

- Azərbaycan təxminən 1 il öncə - 27 sentyabrda əks-hücum əməliyyatına başlayaraq 30 il işğal altında olan torpaqlarının azad edilməsini təmin etdi. Dünyada geniş səs-küyə səbəb olan bu böyük zəfər xaricdən necə görünürdü?

- Azərbaycanın qazandığı zəfər yalnız Azərbaycanın üzünü güldürmədi. Bütün türk və islam dünyasının üzünü güldürdü. 40-50 ildir ki, heç bir atışmadan uğurla çıxa bilmirdik. Bu uğur ilk növbədə sizə özünəgüvən gətirdi, daha sonra türk dünyasına. Demək ki, hesablanmış addımlar atılarsa, uğur əldə edilə bilir. Biz İkinci Qarabağ müharibəsində iki qardaş dövlətin də bir-birinə güclü dəstəyini gördük.

- Azərbaycan 1 il öncə böyük müharibədən çıxmasına və bu savaşdan çıxar-çıxmaz işğaldan azad edilmiş torpaqlarda irihəcmli quruculuq işlərinə başlamasına baxmayaraq, heç bir beynəlxalq tədbiri təxirə salmadı.

- Bu, Azərbaycanın gücünü, nüfuzunu göstərən amildir və hər dövlətin bacaracağı iş deyil. Azərbaycan imkanları geniş olan bir toplumdur. Təxminən 150 il davam edən sovet işğalı istər-istəməz Azərbaycanın öz sərvətlərinə və gücünə sahib çıxmasına imkan vermədi. İmperialist müstəmləkəçilər xalqın mədəniyyətinə və milli təfəkkürünə inanmadı. Bu gün artıq Azərbaycan öz mədəniyyətinə, dəyərlərinə sahib çıxıb, siyasi proseslər bizi inandırır ki, Azərbaycan tezliklə dünya içərisində layiqli yerə gəlib çıxacaq.

- Azərbaycanın beynəlxalq aləmdə etibarlı, sədaqətli tərəfdaş kimi qəbul olunması, beynəlxalq təşkilatların, nüfuzlu qurumların Azərbaycana güvənməsi və ölkəmizin böyük konfranslara ev sahibliyi etməsi gənc dövlət üçün nə deməkdir? Ölkəmizin imicini necə dəyərləndirmək olar?

- Ardıcıl olaraq sevindirici xəbərlər eşidirik, görünən odur ki, güclü bir dövlət formalaşır. Azərbaycan ilk dəfə öz gücünü, sözünü və varlığını ortaya qoydu. Bunun nəticəsində də böyük bir uğura imza atdı. Siz güclü olduğunuz zaman başqaları da sizə tərəf gələcək, müxtəlif ölkələrdən bir çox sahələrdə əməkdaşlıq təklifləri gələcək ki, bu da böyük layihələrin həyat keçirilməsi yolunda ilk addımlardır. Bu mənada artıq işlər görülür. Məsələn, biz Bakıda Yunus Əmrə İnstitutunda "Mədəniyyət Mirası" adlı bir sərgi açdıq və çəkdiyimiz filmin ilk nümayişini orada həyata keçirdik. Bu, Azərbaycan üçün bizim kiçik də olsa vermək istədiyimiz bir töhfədir.

- Torpaqlarımızı işğaldan azad edər-etməz Azərbaycan düşmənin vandallığını, xalqımıza qarşı məkrli siyasətini, işğalçılıq planlarını bir kənara qoyaraq sülhsevər cəmiyyət, xalq, dövlət olduğunu bir daha nümayiş etdirərək Ermənistana sülh əlini uzatdı. Regionun inkişafı üçün Ermənistanın da yer alacağı müxtəlif formatlar təklif etdi. Lakin Ermənistan hər vəchlə sülhdən qaçmağa çalışır. Bekir hoca, dayanıqlı sülh üçün nə etməli?

- Ermənistan təxminən 200-300 ildir ki, özünü çətin vəziyyətə salır və türk dünyası ilə daim mübarizə aparmağa çalışır. Ən əsası, bu oyunda özü məğlub olur. Ermənistan həmişə itirən tərəf olub.

Cənab İlham Əliyev Moskva və Soçi görüşlərində son dərəcə önəmli bir mövqe ortaya qoydu. Türkiyə Prezidenti cənab Ərdoğan da "Azərbaycanla anlaşsan, Türkiyə ilə qapıları açarıq" deməklə bütün imkanları önlərinə sərdi. Əgər bu fürsəti də dəyərləndirməzsə, Ermənistan içinəqapalı köhnə bir dövlət olmağa məhkumdur.

- İşğal dövründə ermənilər bütün mədəni, tarixi abidələrimizi barbarcasına dağıdıb, qəbirlərimizi təhqir edib, məscidlərimizdə donuzlar saxlanılıb, təkcə biz deyil, bütün müsəlman aləmi aşağılanıb, bir sözlə, yalnız bizim mədəniyyətimiz deyil, dünyanın mədəni irsi hesab olunacaq tarixi abidələr erməni soyqırımına məruz qalıb. Bununla bağlı beynəlxalq arenada hansı addımlar atılmalıdır? Nüfuzlu beynəlxalq təşkilatlar niyə səssiz qalır?

- Təəssüf ki, sadəcə buna səssiz qalmayıblar. Qarabağ işğal ediləndə beynəlxalq təşkilatların hansı birindən cavab gəldi? Hansı biri Ermənistana dedi ki, sən işğalçısan? Beynəlxalq təşkilatlardan bunu gözləməyin. Əgər güclü dövlətsinizsə, beynəlxalq təşkilatlar da sizin yanınızda yer almağa çalışacaq.

Azərbaycanın görməli olduğu iş budur: öz xalqına güclü mədəni təfəkkürü yaymaq, mədəniyyət və elmini dirçəldərək onu sülh yuvasına çevirmək.

- Sizcə, belə nüfuzlu konfransların davamlı sülh prosesinə, xalqlar arasında əlaqələrin qurulmasına hansı təsiri var? Və ötən həftə keçirilən tədbir - “Mədəniyyət naminə sülh” beynəlxalq aləmə, habelə bizim regiona hansı töhfəni verəcək?

- Hansı tərəflərimizin güclü və zəif olduğunu anlaya, görə bilmək üçün bu cür tədbirlərin keçirilməsi önəmlidir. Zəif tərəflərimizi öncədən gördüyümüz üçün üzülmürük. Hesab edirəm ki, Azərbaycan son 150 illik tarixinin ən mühüm hadisələrini yaşayır. Burada İlham Əliyevin göstərdiyi öndərliyi təqdirlə qarşılamaq lazımdır. Onun rəhbərliyi ilə bu zəfər təmin edildi. Rəcəb Tayyib Ərdoğanın da ona verdiyi dəstəyi unutmamaq lazımdır. Bu dəstək onsuz da unudulmur, hər yerdə Azərbaycan və Türkiyə bayraqlarını görürük.

- Aidiyyəti mədəni təşkilatlar (UNESCO, ICESCO, BMT və s.) bundan sonra Qarbağda mədəni irsin bərpası üçün hansı addımlar atmalıdır və ya ata bilər?

- Onlardan tutarlı işlər gözləməyə dəyməz. Çünki bu günə qədər yerinə yetirməli olduqları işlərin heç birini etməyiblər. Biz heç bir zaman digər dinlərin məbədlərinə və tarixi abidələrinə toxunmuruq. Onları yıxıb yox etmirik. Halbuki istər Ermənistanın, istərsə də digər marginal qruplaşmaların tarixi abidələri dağıtması hamıya bəllidir.

Fatih Sultan Mehmet Ayasofyanı yıxmadı, əksinə, bərpa etdi. Ayasofya 1500 ildir ayaqda dura bilirsə, Fatihin verdiyi dəstək sayəsindədir. Amma Avropada, Balkanlardakı türk abidələri yerlə-yeksan olunub. Biz mədəni millətik. Avropa özünü mədəni hesab edir, amma əsas mədəniyyətlərin ana yurdu buralardır.

- Sülh fəlsəfəsini dünyaya yaymaq üçün türk dövlətlərinin öhdəsinə düşən vəzifələr hansılardır və burada İslamın rolunu necə görürsünüz?

- Sülh fəlsəfəsini dünyaya yaymaq üçün öncə onun təməllərini düzgün atmaq, bilmək və öyrətmək lazımdır. Daha sonra çeşidli görüşlərdə sənədlərlə ortaya qoymaq lazımdır, sadəcə sözlə deyil. Möhkəm həqiqətlərlə hərəkət etməliyik.

Sülh mədəniyyəti yaratmaq üçün keçmiş dəyərlərin yenidən nəzərdən keçirilməsində fayda var. İslamın fəlsəfəsi sülhə söykənir. Bəzən müsəlmanların nə qədər sülhsevər olub-olmaması müzakirə olunur. Qurani-Kərim də bizə deyir ki, hamınız birlikdə sülh və əmin-amanlıq içində yaşayın, düşmənçiliyi aradan qaldırın. “Sülhdə xeyir var” İslamın əsas şüarıdır. Odur ki, müsəlman dövlətləri sülhə çağırış etməli və onu zədələyə biləcək hər şeydən uzaq durmalıdır.

- Bəs, qlobal miqyasda sülhü yaymağın yolları nədir?

- Dünya bu gün kiçilərək bir kənd halına gəlib, ölkəmizdə baş verən faciələr qısa müddətdə internet vasitəsilə dünyaya yayılır və bu ağrıları hamımız birlikdə yaşayırıq. Qlobal mədəniyyət təfəkkürü formalaşdırmalıyıq. Bunu formalaşdırmaq üçün lazım olan bütün şərtlər əlimizdə var, müqəddəs kitabların heç biri insanları öldürməyi təbliğ etmir, terroru və zorakılığı tövsiyə etmir. Hər biri xeyirxahlığı təmsil edir. Mədəni təfəkkür təktərəfli olmamalıdır. Təəssüf ki, son 200 ildə dünyada avrosentrizm deyilən tamamilə Avropa mərkəzli mədəniyyət anlayışı formalaşıb. Avropa mədəniyyətin önəmli ünsürlərindən biridir, lakin mədəniyyətin uzun tarixi də var. Mədəniyyətin 12 min illik tarixini bilirik. Bu tarix Urfa Harran bölgəsində Göbeklitepe deyilən tarixi abidə ilə başlayır. Mədəniyyət asanlıqla qurulmur. Bu günə qədər 40 mədəniyyət gəlib keçib. Mədəniyyət inşa etmək çox çətindir. Mədəniyyətin böyük hissəsi isə Asiya torpaqlarında inkişaf edib, xüsusilə Dəclə və Fərat hövzəsində Mesopotamiya, Misir, Çin, Hindistan, Orta Asiya bölgələrində, daha sonra Avropa və Amerikada. Dolayısı ilə, biz bütün mədəniyyətləri təhlil edərək yenidən qlobal mədəniyyət formalaşdırmalıyıq. Sülh inancını yaymaq üçün bu məlumatları çatdırmalıyıq.

Aytən Məftun