Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Uşaqlarda anemiya - Səbəbləri, müalicəsi

Uşaqlarda anemiya (qan azlığı) - uşağın qanında eritrositlərin və hemoqlobulinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir. Bu, pediatriyada çox geniş yayılmış xəstəlikdir. Anemiya diaqnozu qoyulmuş uşaqların təxminən 40%-i 3 yaşa qədər, 30%-i pubertat dövründə olan; qalanları isə müxtəlif yaş dövrünə mənsub uşaqlardır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlarda anemiya müxtəlif formalarda ümumi zəiflik, tez yorulma, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, ürəkdöyünmə qeyd olunur.

Uşaqlarda anemiyanın inkişafı, adətən, onların orqanizminin intensiv böyüməsi, eritropoez prosesinin aktivliyi, formalı elementlərin və sirkulyasiya edən ümumi qanın miqdarının proqressiv artması ilə əlaqəlidir. Bununla yanaşı, uşaqlarda qanyaranma aparatı tam formalaşmamışdır və müxtəlif təsirlər qarşısında acizdir. Qanyaranmanın normal gedişatı üçün külli miqdarda dəmir, zülal, vitaminlər və mikroelementlər tələb olunur.

Buna görə də qidalanmada olan istənilən xətalar, infeksiyalar, sümük iliyinə toksiki təsirlər uşaqlarda anemiyanın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan 2 yaşında olan və neonatal dəmirləri tükənmiş uşaqlar daha həssasdır. Uşaqlarda uzun müddət mövcud olan anemiya hipoksiya, dərin toxuma və orqan pozulmaları ilə müşayiət olunur. Anemiyalı uşaqlar həmyaşıdları ilə müqayisədə fiziki və zehni inkişafdan geri qalır, tez-tez interkurrent xəstəliklərdən əziyyət çəkir, xroniki patoloji proseslərin və müxtəlif ağırlaşmaların inkişafına meyilli olur.

Səbəbləri

Uşaqlarda anemiyanın inkişafına səbəb olan faktorlar antenatal, intranatal və postnatal olmaqla 3 qrupa bölünür.

Аntenatal faktorlar bətndaxili inkişaf dövründə təsir göstərir. Uşağın qanyaranma prosesinin normal keçə bilməsi üçün orqanizm hamiləlik dövründə anadan kifayət qədər (təxminən 300 mq) dəmir alıb toplamalıdır. Dəmirin hamilədən dölə daha intensiv   ötürülməsi və depolanması hestasiyanın 28-32-ci həftələrində baş verir.

Əgər qadın hamiləlik dövründə anemiyadan əziyyət çəkibsə, uşaqda da anemiya inkişaf edir. Vaxtından əvvəl doğuşlar uşaqlarda doğuşdan və ya həyatının təxminən 3-cü ayından etibarən anemiyanın meydana çıxamasına gətirib çıxarır. Yenidoğulmuşun anemiyası çoxdöllü hamiləlik nəticəsində də inkişaf edə bilər.

Uşaqlarda anemiyanın yaranmasına səbəb olan intranatal faktorlar başlıca olaraq doğuş zamanı qanitirmə ilə bağlıdır. Qanitirməyə plasentanın vaxtından əvvəl soyulması, göbək ciyəsinin erkən və ya gec bağlanması, göbək ciyəsi qalığının qeyri-düzgün işlənməsi nəticəsində qansızma, akuşer travmaları səbəb olur.

Uşaqlarda anemiyanın postnatal faktorları doğumdan sonrakı faktorlar olub ekzogen və endogen olmaqla ayrılır. Endogen anemiyanın səbəbi yenidoğulmuşun hemolitik xəstəliyi nəticəsində eritrositlərin zədələnməsi, hemoqlobulin sintezinin anomaliyaları, sümük iliyinin birincili konstitusional çatışmazlığı ola bilər.

Müalicəsi

Anemiya zamanı gün rejiminin və uşağın balanslaşdırılmış qidalanmasının düzgün təşkili, dərman terapiyası və ümumi gücləndirici tədbirlərin aparılması tələb olunur. Uşaqlara kiyayət qədər təmiz havada olmaq, tam yuxu tövsiyə olunur. Gimnastika, massaj, UBŞ (ultrabənövşəyi şüalanma) təyin olunur.

Ana südü ilə qidalanan anemiyalı uşaqlar vaxtında əlavə qidalanmaya (şirələr, yumurta sarısı, tərəvəzlər, ət püresi) keçirilməlidir. Eyni zamanda uşağı qidalandıran qadının da qida rasionu korreksiya olunmalı, qadın polivitaminlər və dəmir preparatları qəbul etməlidir. Süni qidada olan uşaqlara adaptəolunmuş, dəmirlə zəngin, südlü süni qidalar təyin olunmalıdır. Böyük yaşlı uşaqların pəhrizi qaraciyər, mal əti, paxlalı bitkilər, göyərtilər, dəniz məhsulları, meyvə və tərəvəz şirələrindən ibarət olmalıdır.

Milli.Az