Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Vardanyan ilə Samantanı nə birləşdirir? - "Xeyriyyəçi" bu məbləğə "satıldı"

Son günlər iki şəxs mətbuatın gündəmindən düşmür. Biri ötən ilin sonlarından Qarabağda qeyri-qanuni məskunlaşan və özünü "dövlət naziri" elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan,  digəri isə ABŞ-nin xarici yardım təşkilatı olan USAİD-in ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauerdir.

Milli.Az bildirir ki, bir neçə gündür ki mətbuatda haqlarında xəbərlər dərc edilən bu iki şəxsin bir-biri ilə əlaqələri üzə çıxıb.

Məlum olduğu kimi, Samanta Pauer bir neçə gün əvvəl Ermənistana səfər edib. O, çıxışı zamanı antiazərbaycan mövqeyi ilə diqqət çəkib. Onun dediklərinə etiraz edən ermənilər də olub. Hətta, Samantanın çıxışı zamanı ermənilərdən biri etiraz edərək Azərbaycana sanksiya qoyulmasını tələb də etmişdi. Erməni sakin Samantanın dediklərinin əhəmiyyətsiz olduğunu vurğulamışdı.

"Ya Azərbaycana qarşı sanksiyalar tətbiq edin, ya da..." - Samanta Pauerin sözünü kəsən erməni - VİDEO

Samanta Pauer daha sonra Azərbaycana gəlib. Sentyabrın 27-də prezident İlham Əliyev Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Erməni əsilli investor Vardanyan iki gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində DSX hərbçiləri tərəfindən saxlanılıb. O, qolları qandallı şəkildə Bakıya gətirilib, Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib. Ona terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə cinayət işi açılıb. Daha sonra Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə ona ilkin olaraq 4 aylıq həbs cəzası təyin edilib.

Ruben Vardanyan və Samanta Pauer

Bu iki şəxsin hər biri fərqli sahədən görünsə də, əslində onları əlaqələndirən cəhət var. Elə onları birləşdirən bu cəhət Samantanın antiazərbaycan mövqeyi tutmasının səbəblərini aşkara çıxarır.

Vardanyanın Rusiya xidmət orqanları ilə bağlılığı uzun müddətdir ki, çoxlarına məlumdur. O, "xeyriyyəçi" adı ilə əsl simasını pərdələyirdi. Məlum olduğu kimi "xeyriyyəçi milyonçu" Vardanyan "Aurora" təşkilatının qurucularından biridir. Humanitar təşəbbüslə yaradılan bu qurumun məqsədlərindən biri "soyqırıma məruz qalmış ermənilər"ə yardım etməkdir. Lakin, burada diqqət çəkən məqam təşkilatın məqsədi yox, təşkilat tərəfindən mükafatlandırılmış şəxsdir.

Şirkətin təsis etdiyi mükafatlardan biri məhz elə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat 1 milyon dollar məbləğində qrant alır.

Yəqin ki, proses aydın oldu. Məlum məsələdir ki, bir çoxunu ələ almağın yolu ona verilən çoxlu pul və bonuslardan keçir. Burada isə söhbət cüzi məbləğlərdən yox, milyon dollardan gedir. Rusiya FSB-sindən təlimat aldığı deyilən Vardanyanın "Aurora" mükafatı vasitəsi ilə lobbi fəaliyyəti üzə çıxır və indi bütün yarımçıq qalan suallar cavab tapır. Samanta Pauerin sonradan formalaşan ermənipərəst mövqeyinin, onların daimi dəstəkçisi olma səbəbi aydın olur.

Bu məsələ ABŞ-ın ermənipərəst senatoru Bob Menendezlə bağlı yaşanan olayları ağla gətirir. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib. Menendezin erməni diasporundan aldığı külli miqdarda rüşvətə görə Azərbaycana qarşı kəskin mövqe tutduğu bildirilir.

Samanta Pauerlə bağlı məsələ də bununla oxşarlıq təşkil edir. Samanta Pauerin rus casus Vardanyanla bu qədər yaxın əlaqəsi ağla başqa şübhələr də gətirir. Görünür ABŞ prokurorluğunun Samanta Pauerə diqqət yönəltməsinin vaxtı gəlib və keçir.

İslam
Milli.Az