Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb

Mətbuat Şurası Hüseynov Tofiq Yusif oğlunun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycanın bölgə mətbuatın tanınmış nümayəndələrindən olan "Yeni Tərtər" qəzetinin baş redaktoru Tofiq Hüseynov (Tofiq Yusif) vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Hüseynov Tofiq Yusif oğlu 1950-ci ildə anadan olub. Müxtəlif illərdə "Salam", "Fədai" qəzetlərində çalışıb. 2005-ci ildən indiyədək Tərtər rayonunun "Yeni Tərtər" qəzetinin baş redaktoru olub.

Səmimi, qayğıkeş həmkarlarımızdan olan T.Hüseynov jurnalist peşəsinə dəyər qazandırır, peşə prinsiplərini daim üstün tutur, bu prinsipləri təbliğ və təşviq edirdi. Media sahəsindəki xidmətləri ali səviyyədə qiymətləndirilmiş jurnalist "Tərəqqi" medalı ilə təltif olunmuşdu. O, Tərtərin ictimai həyatında yaxından iştirakı, zəhmətkeşliyi, əməksevərliyi və təşkilatçılığı ilə də fərqlənirdi.

T.Hüseynovun timsalında bölgə mətbuatının, ümumilkdə bölgələrimizdə söz sənətinin təəssübkeşi aramızdan ayrıldı. Buna görə də onun yoxluğu böyük itki və üzüntüdür.
Bir daha mərhumun doğmalarına və əzizlərinə, uzun illərini həsr etdiyi "Yeni Tərtər" qəzetinin kollektivinə, həmkar dostlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!".