Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Namazda riyaya necə qalib gəlmək olar?

İxlas namazın ən mühüm şəraitlərindən biridir və onun əksi riyadır ki, bu da böyük bir bəladır.

İxlas - yəni, niyyətini Allahdan qeyri stimullarından pak etmək, xalis etməkdir, riya isə insanların diqqətini cəlb etmək üçün onların yanında ibadət əməlini təzahür etdirib, abid kimi məşhur olmaqdır.

Namazın zahiri düzgün olduğu kimi, onun niyyəti də xalis və Allah üçün olmalıdır. Xalis niyyət elə bil ruhdur ki, əməldə yoğrularaq, onu diri saxlayır. Niyyət əməlin cəhətini göstərir. Belə ki, hər bir yolun bir məqsədi vardır.

İmam Sadiq (ə) buyurur: "Hər bir riya şirkdir. Hər kəs camaata görə əməl etsə, onun mükafatını da camaat verəcəkdir və hər kəs Allaha görə əməl etsə, mükafatını da Allah verəcəkdir".

Riya bir xəstəlikdir. Əgər insanın əməlində və ibadətində ixlas olmasa, onun qiyməti olmaz və nə qədər riya ilə dolu ibadətə vaxt və güc sərf etsə, faydası olmaz və elə ona görədir ki, Peyğəmbər (s) buyurur: "Əməlin qiyməti qəsd və niyyətə görədir".

Buna aid bir rəvayət nəql olunur:

"Bir nəfər 30-illik namazını qəza etmişdir və onun səbəbi bu idi ki, həmin şəxs həmişə camaat namazı qılırdı və həmişə də birinci cərgədə dururdu və bir gün o namaza gecikir və birinci cərgədə dayana bilmir və buna görə başqalarının yanında çox xəcalət çəkir və bu nəticəyə gəlib çatır ki, birinci cərgədə qıldığı namazların hamısı nəfsini rahat etmək üçün olubdur. Belə ki, başqaları həmişə onu birinci cərgədə görəndə o, çox xoşhal olurdu, ona görə də camaat namazında qıldığı namazların hamısını qəza etmişdir".

Bəs riyanı necə tanıyaq?

Biz hamımız namaz qılırıq, bəs riya ilə namaz qılmaq necədir? Bəlkə elə biz də bu cür namaz qılırıq?

İmam Sadiq (ə) buyurur: "Riyakar insanın üç xüsusiyyəti vardır:

1) İnsanların içində əməllərini sevinclə həyata keçirər.
2) Tənha olanda tənbəlliklə və yorğun halda həyata keçirər.
3) Bütün işlərində insanların onu tərifləməsini isətəyər"

.
Beləliklə, bu hədisdə İmam (ə) riyakar insanın xüsusiyyətlərini sadalayaraq, onu bizə tanıtmışdır.

Bu haqda bir rəvayət nəql edirlər:

"Bir kişi olur və o, ibadət zamanı riya etməməyə çalışır, ancaq nə qədər səy edirsə, yenə də bacarmır. Bir gün bir çarə fikirləşir və öz-özünə deyir: "Şəhərin kənarında tərk olunmuş bir məscid var ki, heç kim ona diqqət etmir və ora get-gəl etmir. Yaxşı olar ki, gecələr oraya gedəm və heç kim məni görmədən Allah üçün xalis ibadət edəm".

Gecənin yarısı qaranlıqda o, həmin məscidə gedir. Həmin gecə yağış yağırdı və get-gedə şiddətlənirdi. O, həmin məsciddə ibadət etməyə başlayır və namazın ortasında qəflətən bir səs eşidir və öz-özünə deyir: "Yəqin ki, bir nəfər məscidə daxil olubdur".

O, çox sevinir ki, həmin şəxs sabah gedib, insanlara onun haqqında danışacaqdır ki, gör nə qədər Allah sevən bir insandır ki, gecə yarısı bu tərk olunmuş məscidə gələrək, orada ibadət edir. Ona görə də namazının kəmiyyət və keyfiyyətini artırır və səhərə qədər ibadətlə məşğul olur. Hava işıqlaşan zaman gözucu ətrafına baxır və görür ki, məscidə daxil olan insan deyil, bir qara it imiş, şiddətli yağış yağdığı üçün bayırda qala bilməyib, məscidə girmişdir.

O, iti görən zaman çox narahat olur və çox peşman olur və öz-özünə xəcalət çəkir ki, itə görə səhərə qədər namaz qılmışdır. Özünə xitab edərək, deyir: "Ey nəfs, mən uzaq bir məscidə gəldim ki, Allaha şərik qoşmayım. İndi gördüm ki, qara iti ibadətdə Uca Yaradana şərik etmişəm. Vay mənə ki, bu nigaranedici haldayam".

Xalis əməli riyadan ayırandan sonra onunla mübarizə etmək üçün qərar qəbul etməli və qətiyyətlə ibadətimizi xalis etməyə çalışmalıyıq.

Ona görə də əməldən, ibadətdən əvvəl qəlb və niyyətimizi Allahdan qeyrilərdən pak etməliyik və daima niyyətimizin Allah olduğuğunu xatırlamalıyıq və ehtiyat etməliyik ki, ondan başqasına qəlbimizdə yer verməyək və əgər bunu etməyə müvəffəq olsaq, qəlbimizdə ancaq Allah olacaqdır.

Beləliklə nəticədə deyə bilərik ki, riya qəlb hüzuruna mane olan amillərdən biridir. İxlas qəlb hüzuruna gətirib çıxarar, çünki əməl və niyyət nə qədər xalis olsa, qəlb hüzurunu əldə etmək də bir o qədər asan olar. Niyyətimizi riyadan və Allahdan qeyrilərdən pak edək və o yeganə Varlığa ibadət edək. Amin!

Milli.Az