Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Vətən müharibəsinin səssiz qəhrəmanları: Onlar kimdir…

Vətən müharibəsinin səssiz qəhrəmanları: Onlar kimdir...

Minalar – dünyanın ən təhlükəli və nəzarətdən çıxmış silahlarından biri. Bir çox dövlətlərin ordu nümayəndələri bu silahları “gözəgörünməz düşmən” adlandırır. Dağlıq, düzənlik, səhralıq, meşəlik – istənilən bölgədə rahatlıqla maskalana bilən və yanlış bir addımla bir insanın bütün həyatını məhv edən, yaxud ömür boyu şikəst buraxan bu ölümcül silah İkinci Qarabağ müharibəsindən bu yana 150 hərbi və mülki vətəndaşımızın ölümünə səbəb olub.

Müxtəlif çeşidlərdə olan bu minalardan hətta “sürpriz mina” adlandırılan xüsusi hazırlanmış üsullar da tətbiq edilir. Belə ki, tank minasının altına piyada əleyhinə minalar qoyulur. Həmin piyada əleyhinə olan minaların üzərindəki tank minaları aşkar edildikdə və yerindən tərpədildikdə, altında olan mina partlayır və qarşı tərəfə çox sayda tələfat verir. Ümumiyyətlə, çoxçeşidli olan bu silahı bəzən də uşaq oyuncağına bənzər şəkildə hazırlayırlar. Necə ki, vaxtilə Tovuz rayonunun Əlibəyli kəndində Aygün Şahmalıyeva adlı qızcığaz “itəbənzər” oyuncağı özü ilə götürüb evə gətirmişdi. Onu evdəki stolun üzərinə qoyarkən partlayış baş vermiş və uşaq həlak olmuşdu.

Azərbaycanda minaların və digər partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün ANAMA və daha sonra isə prezidentin sərəncamı ilə Minatəmizləmə Agentliyi yaradıldı. Bu təşkilatlarda işləyən mütəxəssisləri əslində ölkəmizin, təhlükəsizliyimizin keşiyində duran səssiz qəhrəmanlar da adlandırmaq olar. Onlar dağlıq, eləcə də aran Qarabağ zonasında, ölkəmizin digər düşmənlə həmsərhəd rayonlarında günümüzədək minlərlə minanı zərərsizləşdirib, neçə-neçə bölgəni bu “görünməz düşmən”dən azad ediblər. Məsuliyyətli və bir o qədər də təhlükəli olan bu işdə şikəst qalan, canından olan kifayət qədər minaaxtaran mütəxəssislər var. Onların çox zaman adları çəkilməsə də, əsasən pərdənin arxa üzündə qalsalar da, onlar da bizim vətəndaşlarımızdır və hesab edirik ki, onların sosial həyatı barədə maraqlanmaq, əlil olanlarının, yaxud həyatını itirənlərin ailələrinin sosial-ictimai vəziyyətləri ilə maraqlanmaq, bunu işıqlandırmaq bizim borcumuzdur.

Məsələ ilə bağlı Bizimyol.info olaraq "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin Sədri Emin Həsənli ilə əlaqə saxladıq. İctimai Birliyin sədri bildirdi ki, mina mütəxəssisləri işlərinin icrası zamanı həyatlarını itirərsə, onlar da məhz digər hərbi vəzifəsini yerinə yetirərkən həyatını itirmiş hərbi qulluqçularla eyni dərəcəni alırlar: “Mina qurbanı olan şəxslər də şəhid hesab olunur. Həyatda qalıb, əlil olanlar üçünsə əlillik dərəcələri müəyyənləşdirilir. Müharibə əlillərinə, şəhid ailələrinə hansı status verilirsə, onlara da məhz, eyni status verilir. Mina partlaması zamanı həlak olanların məsuliyyəti də Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşür. Onlar vaxtilə mina xəritələrini qaytarmadılar. Bildirdilər ki, xəritə yoxdur. Amma bir müddət sonra bunu etiraf etdilər. Biz vaxtilə qeyd etmişdik, mina elə bir silahdır ki, o, xüsusi olaraq basdırılır və hər basdırılan mina xəritə üzrə qeyd olunur. Xəritə üzərində qeyd olunursa, deməli, bu xəritələrin də surətləri mövcuddur. Onlar, əsasən, Müdafiə Nazirliyində, Baş Qərargahda, Hərbi Birləşmədə və hərbi hissələrdə mövcud olurlar. Bu xəritələr də Azərbaycana təhvil verilməli idi. Təəssüflər olsun ki, verilmədi və təhvil verilən xəritələr isə Ağdam, Füzuli, Zəngilan istiqamətində olanlardır və onların da cəmi 25%-i öz təsdiqini tapıb.

İctimai Birliyin sədri Emin Həsənli Ermənistanda mövcud olan mina xəritələrinin surətinin Rusiya silahlı qüvvələrində də mövcud olması barədə iddialara aydınlıq gətirdi: “ Rusiyada bu xəritələrin mövcudluğu ilə bağlı müəyyən fikirlər var. Ermənistan hərbi blokda olduğuna görə, həmin fikirlər səslənir, amma hələki bu həqiqət öz əksini tapmayıb. Nə Rusiya, nə də Ermənistan hərbçiləri bunu təsdiqləməyib. Biz bu barədə sadəcə olaraq ehtimal edə bilərik. Düşünə bilərik ki, Ermənistan Rusiya ilə eyni blokdadır və ermənilərin bir çoxu Rusiyada hərbi məktəblərdə təhsil aldığından, rus hərbçilər onlara təlim keçdiyindən, hardasa, bu fakta söykənmək olar. Amma reallığa dayanan bir fakt hələki bizim əlimizə keçməyib. Bu barədə dəqiq bir söz demək çətindir. Nə inkar etmək olar, nə də təsdiq etmək olar”.

İctimai Birliyin sədri son zamanlar hərbi toplanışlarla əlaqədar yayılan informasiya barədə də öz fikirlərini bölüşüb: “Bu, sadəcə olaraq təlim xarakterli toplanışlardır. Səfərbərlik deyil. Prezident İlham Əliyevin təsdiq etdiyi plana uyğun olaraq, hər il Azərbaycanda hərbi təlimlər keçirilir. Ayrı-ayrı qoşun növlərində, hətta müxtəlif qoşunların birgə fəaliyyəti ilə müxtəlif hərbi təlimlər keçirilir. Bu təlimlərdə ehtiyatda olan hərbi qulluqçular müxtəlif ixtisaslar üzrə bu proseslərə cəlb edilir. Bu da çox təbii hadisədir. Azərbaycan öz ordusunun ehtiyatda olan hərbi qulluqçularını daim hazır vəziyyətdə saxlayır. Müharibədə də səfərbərliklə ehtiyatda olan hərbi qulluqçular çağırıldı. Səfərbərlik xidmətinin yaradılmasında prezidentin məqsədi bu idi. Gələn ilin fevralında Səfərbərlik Xidmətinin on ili tamam olacaq. Ölkənin səfərbərlik ehtiyatı daim hazırlıqlı vəziyyətdə olmalıdır, onların qeydiyyatı aparılmalı, onları nə qədəri dünyasını dəyişib, nə qədəri cinayət hadisəsi törədib, nə qədəri ölkə xaricinə gedib, onlar hansı qoşun növləri üzrədir, ehtiyat hazırlığı nə dərəcə yerindədir - bunlar hamısı nəzarət altında saxlanılmalıdır. Məqsəd ehtiyatda olan hərbi qulluqçuları daim hazır vəziyyətdə saxlamaq və müharibə zamanı onları bu prosesə cəlb etməkdir. İstənilən ölkədə ordusunun və ehtiyatda olan qüvvələrinin hazırlığı hər zaman istənilən dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biridir. Azərbaycan Dövləti də bunu yerinə yetirir, heç bir səfərbərlik yoxdur. Səfərbərlik ölkə prezidentinin sərəncamı ilə olur. Ölkədə müharibə zamanı da qismən səfərbərlik elan edilmişdi. Azərbaycanda tam səfərbərlik elan edilməyib” – deyə, İctimai Birliyin sədri əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info