Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

12 illik dövrənin uğursuz sonu- “Bahar” inqilabları ərəblərə demokratiya gətirə bilmədi

Tunis Terrorla Mübarizə Məhkəməsində ölkənin ən nüfuzlu islamçı siyasi lideri Rəşid Qannuşinin mühakiməsi başlayıb. İslamçı lider “Tunis gənclərinin iraq və Suriyadakı terror mərkəzlərinə göndərilməsinə yardım etməkdə” ittiham olunur.

Rəşid Qannuşi “ərəb baharı”nın ən sakit və “qansız” keçdiyi ərəb ölkəsi olan Tunisin islamçı-demokrat lideridir. 12 il əvvəl 2010-cu ilin dekabrında Tunis əhalisi küçə aksiyalarına çıxıb, 23 illik avtoritar lider Zeynalabdin bin Əlini devirəndə əsas müxalif qüvvə həmin vaxt Londonda yaşayan islamçı lider, “Nahda” (Oyanış) Hərəkatının lideri Rəşid Qannuşi idi. Bin Əli devrilib Səudiyyə Ərəbistanına qaçandan az sonra ölkəyə dönən Qannuşi Tunisdə inqilabın qansız-qadasız (kiçik toqquşma və az saylı ölüm halları istisna olmaqla) baş tutmasında ciddi rol oynamışdı. Nəticədə qonşu Liviya, Misir, Yəmən, Suriyadan fərqli olaraq, Tunisdə inqilab uğurlu nəticələnmiş, parlament demokratiyası yaranmış, çoxlu sayda yeni siyasi partiya ölkə həyatında iştirak etmişdi.

Həmin vaxt inqilab ölkələrində gedən vətəndaş müharibələri Tunisə sıçramadı. Amma çoxlu sayda tunisli gənc İraq və Suriyada İŞİD-ə qoşuldu, hətta Tunisin mərkəzi muzeyi, Aralıq dənizi sahilindəki çimərlikləri terrorçuların hücumuna məruz qaldı. Amma bütün bunlara baxmayaraq hər kəs Tunisin “ərəb baharı” sınağından uğurla çıxdığını düşünürdü. Əlbəttə, bu, R.Qannuşinin də xidmətləri sayəsində baş tuturdu.

İndi isə inqilab sonuncu ərəb ölkəsində “öz balasını yeyir”. Qannuşi ilə birlikdə “Nahda”nın liderləri və 800-dən çox vətəndaş işlə bağlı dindirilib. Cinayət işinin həcmi həddən artıq böyükdür və artıq bir neçə ildir davam edən siyasi mübarizənin məhkəməyə transfer olunan hissəsidir. Bu proses nəticə etibarı ilə Qannuşi və onun şəxsində islamçıları sıradan çıxaracaq. Bununla da əslində, 12 il əvvəl başlayan “ərəb baharı” prosesində bir dövrün qapandığını deyə bilərik.

12 il əvvəl başlayan və dünyada böyük ümidlər doğuran “ərəb baharı” müsəlman coğrafiyasında özündən sonra böyük dağıntı və fəlakət izləri qoyaraq tarixin arxivinə gedir. Tunis bu prosesin ilk və əslində isə son halqası idi. Buna qədər isə digər inqilab ölkələrində proseslər çoxdan başa çatıb.

Tunisdən sonra ikinci inqilab Misirdə 2011-ci il yanvarın 25-də baş verdi. Cəmisi 3 həftə sonra, fevralın 11-də Mübarək istefa verdi, hakimiyyətə mötədil islamçı “Müsəlman Qardaşlar” hərəkatı gəldi. Ancaq 2013-cü ilin iyulunda baş verən hərbi çevriliş nəticəsində “qardaşların” iqtidarı devrildi və hakimiyyətə yenidən hərbçilər qayıtdı. Küçə etirazları yatırılarkən yüzlərlə insan öldürüldü. Misir inqilabı ilk parlayıb və tez sönən inqilab oldu.

Liviyada da etirazlar fevralda başladı və tezliklə silahlı vətəndaş müharibəsinə çevrildi. 6 ay sonra- oktyabrın 20-də üsyançı liviyalılar Qəzzafini ələ keçirib öldürsələr də, Liviya hələ də vətəndaş müharibəsi və xaos içərisində boğulur.

Oxşar vəziyyət Əli Abdullah Salehin Yəmənində də qeydə alındı. Saleh Yəmən etirazlara bir il tab gətirdi, 2012-ci ildə istefa verdi. Ancaq Yəməndə vətəndaş müharibəsi hələ də davam edir, ölkə isə faktiki olaraq bir neçə yerə bölünüb.

Bəhreyndə isə etirazlar cəmisi bir neçə ay davam etdi və silah gücünə yatırıldı.

 Suriyada etirazlar 2011-ci ilin martında başladı və bir neçə ay sonra vətəndaş müharibəsinə çevrildi, hələ də davam edir. Ölkə faktiki olaraq 3 hissəyə (hökumət, kürd qrupları və İdlibdə müxaliflər) bölünüb. 300 mindən çox insan ölüb, ölkənin böyük şəhərləri xarabalığa çevrilib. 23 milyonluq Suriya əhalisinin 11 milyonu qaçqın düşüb. Onun yarısı ölkə sərhədlərindən kənara qaçıb.

Yeri gəlmişkən, bu günlərdə Suriya hakimiyyətinin ən qatı düşməni olan Türkiyə iqtidarı da Dəməşqlə əlaqələrin bərpa oluna biləcəyinə işarə etdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti ilə Qətərdə görüşdükdən sonra Suriya prezidenti ilə də görüşə biləcəyini açıqladı.

Sitat: “Əsədlə görüş ola bilər, siyasətdə küskünlük olmamalıdır. Sonda uyğun şərtlər daxilində addımlar atacağıq”. Məlumdur ki, artıq Türkiyə və Suriya kəşfiyyat rəhbərləri arasında bir neçə dəfə görüş olub.

Yəni artıq hər kəs anlayır və qəbul edir ki, “ərəb baharı” Yaxın Şərqə dəyişiklik və demokratiya gətirmədi. Buna görə də gec də olsa müharibəni dayandırmaq, mövcud reallıqlara uyğun siyasət qurmaq lazımdır. Müharibə isə hələ uzun müddət davam edəcək. Amma bir şey aydındır ki, “bahar” inqilabları ərəb coğrafiyasına inkişaf və rifah gətirmədi, əksinə, dağıntı və ölüm gətirdi. Demokratiya və dəyişiklik ümidləri isə “başqa bahara” qaldı.

Musavat.com