Bu gün ölkəmizdə Anım günü qeyd olunur. 2020-ci ilin bu günündə başlayan Vətən Müharibəsinin üçüncü ildönümüdür. 27 senbtyabr Azərbaycanın zəfərini tarixə qızıl hərflərlə yazdığı günün başlanğıcıdır. Anım Gününün qeyd olunması Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir.
Birazdan, saat 12 tamamda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə edəcəklər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılacaq, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi veriləcək, yaylım atəşi açılacaq.
Səhər saatlarından etibarən vətəndaşlar, dövlət rəsmiləri və digər şəxslər İkinci Şəhidlər xiyabanını ziyarət edirlər. Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Bir sıra yerli və əcnəbi dövlət qurumları anım günü ilə əlaqədar paylaşım edərək şəhidlərə ehtiramlarını ifadə ediblər. Onlar paylaşımlarında şəhidlərin ruhu qarşısında baş əydiklərini qeyd ediblər.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik nümunəsidir, həmrəyliyin göstəricisidir. 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq rəmzidir. Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan şəhidlərimizi biz də dərin ehtiramla anırıq.
İslam
Milli.Az