Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniya nəhəngi “Qazprom”u məhkəməyə verdi

Almaniya nəhəngi “Qazprom”u məhkəməyə verdi

Almaniyanın enerji konserni “Uniper” Rusiyanın “Qazprom eksport” şirkətini məhkəməyə verib. Alman şirkəti bu il ərzində müqavilə üzrə nəzərdə tutulan, lakin çatdırılmayan qaz həcmlərini digər satıcılardan alan zaman məruz qaldığı itkinin ödənməsini tələb edir.

Musavat.com “Uniper”in yaydığı açıqlamaya istinadən xəbər verir ki, alman şirkəti Rusiyanın çatdırmadığı qaz həcmlərini baha qiymətə alarkən 11,6 milyard avro zərərə uğrayıb. Şirkətin baş direktoru Klaus-Diter Maubax bəyan edib ki, onlar artıq müvafiq iddianı Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim ediblər.

Stokholmda baş tutacaq məhkəmə araşdırması zamanı “Uniper” iyun ayından bəri “Qazprom eksport”un çatdırmadığı qaz həcmlərinə görə çəkdiyi bütün əlavə xərclərin qarşılanmasını tələb edəcək. Baş direktorun sözlərinə görə, indiyədək 11,6 milyard avro təşkil edən bu xərclər müqavilənin müddətinin bitəcəyi 2024-cü ilin sonunadək daha da artacaq.

Qeyd edək ki, artıq Avropanın bir sıra şirkətləri Rusiya tərəfinin əsassız olaraq müqavilə öhdəliklərinə əməl etmədiyini açıqlayaraq məhkəməyə müraciət ehtimalını bəyan ediblər. “Uniper”in addımı yaxın vaxtlarda “Qazprom”a qarşı onlarla belə iddiaların qaldırılmasına təkan verəcək.

Musavat.com