Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda hökm dəyişdirilib.
Qərara əsasən Cavid Süleymanovun cəzası 1 il azaldılaraq 8 ilə, Əhməd Əhmədovun cəzası isə 3 il azaldılaraq 5 ilə endirilib.

İttihama görə, ittiham olunan Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət ediblər.

Zərərçəkmişlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V. Mirzəyevə 167 min manat ziyan dəyib.

Ümumilikdə isə oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.