Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fransa Süleyman Kərimovun qızı ilə bağlı istintaqa başlayıb

Fransa Süleyman Kərimovun qızı ilə bağlı istintaqa başlayıb

Fransa prokurorluğu rusiyalı milyarder və Federasiya Şurasının üzvü Süleyman Kərimovun qızı, 32 yaşlı Gülnarə Kərimovaya qarşı yeni istintaqa başlayıb.

Musavat.com xəbər verir ki, Fransanın mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorluğu Kərimovanın Kot-d'Azurdakı “Milyarderlər Körfəzi”ndə 4 villaya sahib olan şirkətləri necə əldə edə bildiyini və əmlakın son benefisiarının kim olduğunu araşdırır.

“Bloomberg” mənbələrinə görə, araşdırma ölkənin Kəşfiyyat İdarəsinin və Yeraltı Maliyyə Sxemləri ilə Mübarizə İdarəsinin (TRACFIN) iyun hesabatına əsaslanır. Məlumata görə, Kərimova daşınmaz əmlakın alınmasına 268 milyon avro xərcləyib. Eyni zamanda məbləğin böyük hissəsini onun qardaşı Səid Kərimov verib.

Hazırkı istintaq 2017-ci ildə Nitsada Süleyman Kərimova qarşı başlanmış “çirkli pulların yuyulması” işinin davamıdır. Rusiyalı oliqarx və siyasətçi Avropa İttifaqının sanksiyaları altında olsa da, bu villalar onun dondurulmuş aktivləri siyahısına daxil edilməyib.

Süleyman Kərimov 2017-ci il noyabrın 20-də Nitsa hava limanında saxlanılıb. O, 400 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinib. Prokurorların fikrincə, Kərimov vergi ödənişlərini azaltmaq məqsədilə Kot-d'Azurda ucuz qiymətə daşınmaz əmlak almaq üçün vasitəçilər və şirkətlər sistemi yaradıb. 2018-ci ilin iyununda Fransa hakimiyyəti rusiyalı iş adamına qarşı ittihamları ləğv edib və onu şahid statusuna keçirib. Bundan sonra Kərimov Rusiyaya qayıtmağa müvəffəq olub.

Musavat.com