17 və 18 iyun tarixlərində paytaxtımızda gimnastika üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 1-ci Bakı Beynəlxalq "Challenge"i keçiriləcək.
Day.Az-ın məlumatına görə, tədbir Dənizkənarı Bulvarda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında) baş tutacaq.
1-ci Bakı Beynəlxalq "Challenge"ində digər komandalarla yanaşı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin ahıllara sosial xidmət müəssisəsinin sakinləri və Lənkəran şəhərində yerləşən O.Mirzəyev adına qarışıq tipli uşaq evinin yetirmələri də iştirak edəcəklər.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən ahıllara sosial xidmət müəssisəsinin sakinləri qarşıdakı "Challenge"də iştirakla əlaqədar olaraq yoxlanış məşqi keçiblər.
Azərbaycan yığmasının "Gimnastika hamı üçün" növü üzrə baş məşqçisi, Avropa Gimnastikasının (European Gymnastics) "Gimnastika hamı üçün" Texniki Komitəsinin üzvü Ruslan Eyvazovun sözlərinə görə, noyabr ayından Azərbaycan Gimnastika Federasiyası (AGF) ahıllara sosial xidmət müəssisəsinin sakinləri üçün "Gimnastika hamı üçün" növü üzrə məşğələ keçirir.
"Müəssisənin sakinləri ilə məşqçimiz Rəna Manafova məşğul olur. Məşğələlər həftədə iki dəfə keçirilir. 75 yaş üzəri şəxslərin daxil olduğu komanda 1-ci Bakı Beynəlxalq "Challenge"ində iştirak edəcək. Komanda tədbirə böyük şövqlə hazırlaşır və biz ondan yaddaqalan çıxış gözləyirik. Məşğələlərin təşkilinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Gimnastika Federasiyasına dərin minnətdarlığımı bildirirəm", - o deyib.
Ruslan Eyvazov həmçinin 1-ci Bakı Beynəlxalq "Challenge"ində Azərbaycan, Gürcüstan və Litvanı təmsil edən 500-ə yaxın idmançının və 47 komandanın iştirak edəcəyini qeyd edib.