Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Günümüzün gəncləri” adlı konsert keçirilib - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək" layihəsi  çərçivəsində "Günümüzün gəncləri" adlı konsert keçirilmişdir. Solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Zərrin Əliyeva (violin) və Orxan Hüseynov (violonçel) F.Əmirov-"Muğam poema", İ.S.Bax - "Ave Maria", P.Sarasate - "Qaraçı təranələri", A.Dadaşov -"Zərrin" kimi bir-birindən gözəl əsərlər ifa etdilər.

Konsertdə solistləri Azərbaycan Milli konservatoriyasının baş müəllimi Arzu Səfərova, Respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli, orqanda isə beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova müşaiyət etdi. 

Konsertin əvvəlində ön söznən musiqişünas Tamilla Əhmədova çıxış edərək "Gənclərə dəstək" layihəsi və iştirakçılar haqqında tamaşaçılara geniş məlumat verdi.
Onu daqeyd edək ki, Əliyeva Zərrin Tahir qızı 2001-ci ildə Bakı şəhərində anadan olub.  2008-ci ildə 36 saylı musiqi məktəbinə daxil olmuş, 2011-ci ildə isə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinə keçmiş və Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində skripka ixtisası üzrə təhsilini davam etdirməyə başlamışdı.Zərrin Əliyeva musiqi məktəbində təhsil aldığı illər ərzində bir çox nailiyyətlər qazanmışdır. Beynəlxalq və Respublika müsabiqələrində, festivallarında iştirak etmiş, laureat adı qazanmışdı: Belçikada kecirilən  VI beynəlxalq "Bravo" müsabiqəsi laureatı, Beynəlxalq Rostropoviç Festivalının iştirakçısı, Moskvada keçirilən "Musiqi nəsilləri" "III beynəlxalq uşaq musiqi festivalı"nın iştirakçısı, Ü.Hacıbəyli adına IV,V,VI beynəlxalq və.s kimi festivalların iştirakçısıolan Zərrin həmçinin bir çox konsertlərdə də çıxış etmişdir. 

Konsertin digər solisti isə Orxan Hüseynov 1999-cu ildə Bakı şəhərində anadan olmuş, 2016-cı ildə  Qara Qarayev adına  Mərkəzi İncəsənət məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Üzeyir Hacıbəyli adıns Bakı musiqi Akademiyasının bakalavr pilləsini, 2022-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur (müəllim: professor Nəzmiyyə Abbaszadənin sinfi). Gənclər Kamera Orkestrinin üzvüdür. 2010-cu ildə Respublika UMİM şagirdlərinin "Simli alətlər üzrə II Respublika", "İslam Dünyası gənc klassik musiqi", "Musica Mundi" kimi bir çox müsabiqələr laureatı olan Orxan həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Küveyt və.s kimi bir çox ölkələrdə keçirilən konsertlərdə uğurla çıxış etmişdir.
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.
 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az