Rusiya Hindistana neft satışı üçün rupi ilə hesablaşmalara görə ciddi problemlə üzləşib.
Publika.az "Bloomberg"-ə istinadən xəbər verir ki, il ərzində Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olub - xammal idxalı 14 dəfə artaraq 162,2 milyard dollar təşkil edib. Eyni zamanda, ölkələr arasında ticarətdə qeyri-normal profisit yaranıb: Hindistanın Rusiyadan idxalı ilə Rusiyaya ixracı arasındakı fərq 2022-ci ildə 31,8 milyard dollara yüksəlib ki, bu da 2021-ci il profisiti ilə müqayisədə 6,4 dəfə çoxdur.
2023-cü ilin birinci rübünün yekunlarına görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə profisit 5 dəfə artıb.
"Bloomberg" analitiklərinin fikrincə, Hindistanla qeyri-sabit ticarət əlaqələri Rusiyanı rupi ilə ifadə olunan aktivlərdə ayda 1 milyard dollara qədər vəsait toplamağa məcbur edir.
İdxalın durğunluğu səbəbindən Rusiya yerli şirkətlərin valyuta məhdudiyyətlərinə görə repatriasiya edə bilmədiyi rupinin artıqlığı ilə üzləşir (rupi yalnız Hindistan daxilində birjada və ya səlahiyyətli banklarda konvertasiya edilə bilər).
Qeyd edək ki, 2023-cü ilin may ayının əvvəlində Rusiya onun üçün əlverişsiz olduğuna görə Hindistanla rupi vasitəsilə ticarət haqqında danışıqları dayandırdı. Bu qərar Rusiyadan neft və kömür idxal edən hindistanlılar üçün ciddi problemə çevrilib, onlar bu mexanizmdən valyuta konvertasiyası xərclərini azaltmaq üçün istifadə etməyə ümid edirlər.
Mənbələr bildiriblər ki, Rusiya hakimiyyəti illik 40 milyard dollardan çox rupi profisit proqnozlaşdırır və bu vəziyyəti “arzuolunmaz” hesab edir. Buna görə də ölkə Çin yuanı və ya BƏƏ dirhəmləri kimi digər valyutalarla ödənişi alternativ variant hesab edir.
Mehti Kamiloğlu