Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İranın ASALA sevgisi -

Görəsən yer üzündə İran dövləti qədər islama ziyan vuran ikinci bir dövlət varmı? İranın son 40 illik tarixinə nəzər salan istənilən şəxsin bu suala dərhal "yox" cavabı verəcəyi gün kimi aydındır. Səbəb də sadədir və bunun üçün sadəcə proseslərə obyektiv nöqteyi-nəzərdən nəzər salmaq gərəkdir.

Qonşu dövlət 40 ildir ki, ancaq bu istiqamətdə yorulmadan fəaliyyətdədir. Onun islam dəyərlərinə zidd fəaliyyətini çoxsaylı faktlarla və misallarla göstərmək olar. Konkret müsəlman qonşusu olan Azərbaycana münasibətini götürək.

Tarixi, dini, mədəni birliyi kənara tullayaraq müsəlman və şiə Azərbaycanla deyil, işğalçı dövlət olan Ermənistanla münasibətlər qurmaq nə deməkdir? Azərbaycan torpaqlarını işğal edən, müsəlmanları Xocalıda qətlə yetirən bir dövlətlə strateji müttəfiqlik qurmaq hansı dəyərlərə uyğundur. İran İslam Respublikası deyilən bir ölkə nə üçün ermənilərə dəstək olur? Niyə məhz İslam dövləti modelini quran ölkə Azərbaycanı düşmən seçib ermənilərə belə sevgi göstərir? Hətta türk millətinə qənim kəsilən bir terror təşkilatı - ASALA ilə sıx əməkdaşlıqdan belə çəkinmir. Bu terror təşkilatı ilə İranın əməkdaşlığının çoxıu səbəbləri var.

Vaxtilə molla rejimini quran Xomeyninin ASALA tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışı zamanı 1982-ci ilə qədər ASALA-nın himayəsi altında yaşaması faktı ortadadır. ASALA-nın qurucularından biri olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndindəki evinin qonağı olur və aralarında möhkəm dostluq yaranır. Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərir və beləliklə İranın gələcək lideri ermənilər qarşısında bir can borcu yaranır. 1979-cu il 1 fevral - Ayətulla Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra, rejimə müxalif qismində geri qayıdır. Onu Parisdən gətirən təyyarənin arxa hissəsində silahlı dəstə Fransa kəşfiyyatı ilə birgə onu qorumağa məsul idilər.

Bir müddət İranda sistem qurmaqla məşğul olan Xomeyni 1982-ci ildə ermənilərə olan borcunu ödəmək istiqamətində addımlar atır. Bəli, bu gün İranda hakimiyyətdə olan rejim Xomeyninin vəsiyyətini icra edir, nə olursa olsun ermənilərə dəstək olmaq. Buna görə də İranda rejim dəyişməyənə qədər ermənilərə dəstəyi onlar verəcək. ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan "İslami Cihad" terror təşkilatını dəstəklədiyini də açıqlayır.

Bu gün İranda hakimiyyətdə olan rejim Xomeyninin vəsiyyətini icra edir. Buna görə də İranda rejim dəyişməyənə qədər ermənilərə dəstək və türk düşmənliyi davam edəcək.

Yeri gəlmişkən, bu əməkdaşlığı erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən "Hraparak" qəzetinə müsahibəsindədə təsdiqləyib. Orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb. Xatırladaq ki, Melkonyan 1993-cü ilin iyununda Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Erməni terrorçunun əslində hamıya məlum olan bu "sirr"i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir. Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan danışan İran, buna baxmayaraq, Qarabağda erməni terrorçular ilə əməkdaşlıq edib. Məlumdur ki, 1992-ci ildə biz Şuşanı da İranın vasitəçilik adı altında apardığı danışıqlar zamanı itirdik. Buna görə də heç təəccüblü deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin qabaqcıl dəstələri Araz çayı boyu Xudafərin elektrik stansiyasının ərazisindən keçərək ən qısa və təhlükəsiz yolla Zəngilana daxil olmaq istəyərkən onların qarşısını İran ordusunun bölmələri kəsib.

İran tərəfinin müharibə zamanı Azərbaycan ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də mollaların Ermənistanın işğalçılıq siyasətinə və onun Qarabağda həyata keçirdiyi işğalçı siyasətinə nə qədər isti yanaşdıqlarından xəbər verir.

Azər Nuriyev
Milli.Az