Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Manuçar satdı, Mançöhr aldı – Üç rayonun evləri Arazın o tayına necə daşındı...

Bu günlərdə Martiros Jamkoçyan ad-soyadlı keçmiş erməni döyüşçü Ermənistanda çıxan “Hraparak” qəzetinə verdiyi müsahibədə ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair danışıb.

Həmin açıqlama maraqlı olsa da, mətndə bir anlaşılmazlıq var. Jamkoçyan ya sırf yalan deyir, ya da - qəsdən yanlış. Üstündən 29 il vaxt keçməsini nəzərə alaraq hesab etmək olar ki, sabiq döyüşçü hadisənin baş verdiyi illəri qarışdırır.

Məsələ belədir: Jamkoçyan deyir ki, iranlı kəşfiyyatçılarla Monte Melkonyan Qubadlının erməni hərbçilər tərəfindən tutulmasından sonra görüşüb, razılaşıblar. Ancaq fakt budur ki, Melkonyan Qubadlının işğalından 2 ay 20 gün öncə Ağdamın Mərzili kəndində öldürülüb. Yəni 1993-cü ilin iyun ayının 12-də məhv edilən terrorçu həmin ilin avqust ayının 31-də işğal olunan Qubadlının heç yerində heç kimlə görüşə bilməzdi.

77.jpg (8 KB)

Görünür, ya Jamkoçyan bu açıqlaması ilə qəsdən İranla Azərbaycan arasındakı gərginliyi bir az da artırmaq istəyir, ya da qocalıb, yaddaşı pozulub, görüşün vaxtını səhv salıb. O da ola bilər ki, Melkonyan iranlı kəşfiyyatçılarla Qubadlının yox, məsələn, Laçının işğalından sonra görüşüb. Buna da ehtimal vermək olar ki, İran tərəfinin nümayəndələri Qubadlı və Zəngilanın işğal olunmasından, erməni hərbçilərin Araz qırağına çıxmasından sonra Monte Melkonyanla yox, Melkonyan soyadlı başqa bir səhra komandiri ilə görüşüblər. Hətta iranlı hərbçilərlə görüşən erməni komandirin soyadı Melkonyan yox, Melkumyan və ya Markaryan da ola bilərdi. Amma artıq bunun o qədər də önəmi yoxdur.

Əsas məsələ odur ki, Jamkoçyanın bu tarixi faktı doğru-yanlış deməsindən asılı olmayaraq, 1993-cü ilin payızında erməni hərbçilərlə onların iranlı həmkarları arasında görüş olub. O cümlədən iranlı siyasilərlə erməni siyasətçilər, eləcə də hər iki ölkənin kəşfiyyatçıları və sərhədçiləri bir-birilə tez-tez görüşüb, danışıb, anlaşıblar. Bunlar danılması mümkün olmayan faktlardır. Həmin görüşlər 2020-ci ilin payızına qədər müntəzəm davam edib. Bir neçə il öncəyə qədər hər iki ölkənin mediası bu görüşlər haqqında vaxtaşırı xəbərlər yayırdılar. Hətta Xudafərində ermənilərlə iranlı energetiklər müştərək su-elektrik stansiyası tikirdilər.

1524121553_3.jpg (61 KB)

Yəni Ermənistan-İran əlaqələri intensiv və şəffaf idi. Heç bir tərəf görüşlərin vaxtını, məqsədini gizlətmirdi. Təbii ki, buraya məxfi görüşlər daxil deyil.

Jamkoçyanın bəhs etdiyi “İranlı kəşfiyyatçılar və Melkonyan görüşü” barədə məlumat o baxımdan əhəmiyyətlidir ki, o zaman müsəlman-şiə dövləti olan Azərbaycanının cənub sərhədlərinin 120 kilometrlik məsafədə pozulması İran üçün “qırmızı xətt” olmayıb. Eləcə də rəsmi Tehran erməni işğalı altına düşən Füzuli, Cəbrayıl, Zəngilan kimi İranla sərhəd rayonlarının 200 minə yaxın şiə əhalisinin öz evlərindən didərgin salınmasına etiraz bildirməyib – nə mediada, nə ikitərəfli söhbətlərdə.

242ea714bd6903ce2001c4844c2821a9.png (834 KB)

Əksinə, bu xüsusda daha xoşagəlməz detallar var. İranla sərhədyanı rayonlarımızda yerləşən şəhər və qəsəbələrin, eləcə də kəndlərin təsərrüfat obyektlərinin, iri müəssisələrin avadanlıqlarını, ictimai və fərdi yaşayış evlərinin sökülüb daşınmasında Arazın o tayından gələn və ermənilərlə işbirliyi quran iranlıların böyük “zəhmət”i olub. Başqa sözlə, işğalçı ermənilər İranla sərhəddə yerləşən rayonlarımızı sökülüb-daşınması üçün iranlı işbazlara satıblar, onlar da alıblar. Yəni erməni Manuçar azərbaycanlı Mənsurun evini iranlı Manuçöhrə satıb, o da alıb, söküb, daşıyıb. Məsələ budur.

Bundan başqa, ermənilərlə iranlılar Zəngilan və Cəbrayıl rayonlarının torpaqlarını uzun illər ya birlikdə əkib-becəriblər, ya da ermənilər, sadəcə, bu torpaqları iranlılara icarəyə veriblər.

randa-ehran-raz-v-rm-nistan-icar-t-alatas-yarad-l-r-0-1667555606.jpg (69 KB)

Bu baxımdan Jamkoçyanın açıqlaması heyrət doğuracaq yenilik, sensasiya deyil, çoxdan bəlli olan faktın, Ermənistanla İranın uzun illər açıq-gizli formada davam edən müttəfiqliyinin konstatasiyasıdır.

Bəlkə də 44 günlük müharibədən, Azərbaycanın öz əzəli torpaqlarını, xaraba qoyulmuş yaşayış məntəqələrini erməni işğalından azad etməsindən sonra bu məsələnin üzərinə bu şəkildə qayıdan olmayacaqdı. Sadəcə, İran rəsmilərinin rayonların geri alınması faktıyla barışa bilməyən ermənilərə qoşulması, ermənilər qədər yanıb-yaxılmaları o qədər bariz oldu ki, bu mövzuya diqqət yetirmək lazım gəldi.

Musavat.com