Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Narkotik istifadəçilərinin yaşı aşağı düşüb, hətta məktəblərdə..."

Bu gün "Liatris Holding”in təşkilatçılığı ilə "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbiri baş tutub.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, qurumun rəhbəri Ruhi Əliyeva tədbirin əhəmiyyətindən söz açıb:

"Hesab edirəm ki, çox maarifləndirici və lazımlı tədbirdir. Məqsədimiz narkomaniya və məişət zorakılığına qarşı mübarizə işinə yardım göstərməkdir. Bu kimi mövzuda peşəkarlarla müzakirə aparmaq vacibdir. Təəssüf ki, narkomaniya cəmiyyətimizdə çox geniş yayılıb, əsasən də gənclərimiz arasında.

Artıq ölkədə narkomaniya istifadəçilərinin yaşı azalıb. Əvvələr 25-30 və 40 yaşdan yuxarı insanlar narkotikə qurşanırdısa, indi 14-15 yaşlı məktəbli şagirdlər arasında da narkotik istifadəçilərinə rast gəlinir.

Biz bu gün məişət zorakılığına qarşı mübarizə, narkomaniya və erkən nikah məsələsini də müzakirə etdik. 13-14 yaşlı qızların özündən 15-20 yaş böyük bir kişiylə evləndirilməsini hamımız müşahidə edirik. Buna adət-ənənə adı qoyuruq, nəticədə qızlarımızın təhsili yarımçıq qalır.

Məişət zorakılığı daha çox savadsızlıq və cahillikdən yaranır. Əgər bir qız uşağı özünü belə "adət"lərdən qoruya bilsə, bu cür halların baş verməsi azalar. Təəssüf ki, qızlarımızı təhsil verməklə yox, erkən nikahla xoşbəxt etməyi düşünürük. Halbuki bu davranış qızlarımızı xoşbəxt eləmir.

Düşünürəm ki, bu günkü tədbirimizin təsirli nəticələri olacaq. Fikir və təkliflər kağız üzərində qalmayacaq. Toplum olaraq bu cür bəlalarla birgə mübarizə aparmalıyıq".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, tədbirdə cəmiyyət üçün aktual mövzuya toxunulub: "Bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və buna görə təşkilatçılara təşəkkür edirəm. Həm narkomaniya problemi, həm də məişət zorakılığı aktual mövzulardır.

Burada maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə yeni üsulların tətbiqi mühüm əhəmiyyət daşıyır. Mənim üçün ən ağır məsələlərdən biri qadınlarımız arasında narkomaniyanın geniş yayılmasıdır. Təəssüf ki, Azərbaycanda dövlət səviyyəsində narkomaniya ilə mübarizə aparılsa da, istifadəçilərin sayı artır. Bir ananı, bir qadını cəzaçəkmə müəssisəsində görəndə şok keçirirəm.

Cəzaçəkmə müəssisələrinə baş çəkəndə narkotiklə bağlı cinayətlərə görə məhkum olunan qadınları görmək mənə çox pis təsir edir. Narkomaniya ilə mübarizədə cəmiyyət olaraq hər birimizin məsuliyyəti var. Bir çox hallarda məsələni ictimai müzakirə edirik. Amma burada ictimai qınaq da olmalıdır.

Statistikaya görə, 2020-ci ildə ümumi 33788 nəfər narkotik istifadəsi kimi rəsmi qeydiyyatda olubsa, 2022-ci ildə bu rəqəm 34602 nəfərə yüksəlib".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, cari ildə 9409 nəfər narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunub: "Aşkar olunan 3 ton 186 kiloqram narkotik vasitənin 310 tonu psixotrop maddədir. Cəmiyyətin hər bir üzvü narkotiklə mübarizədə birgə fəaliyyət göstərməlidir. Həyata keçirilən tədbirlərin əsas məqsədi insanları, xüsusulə də gəncləri zərərli vərdişlərdən uzaq tutmaqdır. Ümumi cinayət faktları ilə bağlı statistika göstərir ki, cinayət xarakterli əməllərdə narkotik vasitələrin payı var".

Tədbirdə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Ruhi Əliyevaya nazirlik adından antinarkotik təbliğatın gücləndirilməsində səmərəli fəaliyyətinə və vətəndaşlıq mövqeyinə görə diplomu təqdim edib.

Qeyd edək ki, tədbirdə Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Sabir Rüstəmxanlı, Məşədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənli, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və bir çox ictimai-siyasi xadimlər, media mənsubları iştirak ediblər.