Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putinin 46 il öncə dissidentlərin axtarışlarında iştirak etdiyi ortaya çıxıb

Putinin 46 il öncə dissidentlərin axtarışlarında iştirak etdiyi ortaya çıxıb

1976-cı ildə Vladimir Putin çox yüksək ehtimalla şəxsən peterburqlu yazıçı Oleq Volkovun mənzilində axtarışda iştirak edib. Yazıçı sonradan “antisovet təşviqatı və təbliğatı”na görə 7 il azadlıqdan məhrum olunub.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Rusiya xidməti tərəfindən məlumat yayılıb.
Tarixçi Konstantin Şolmov Sankt-Peterburqdakı Siyasi Tarix Muzeyində nümayiş etdirilən axtarış protokoluna diqqət çəkib. Sənəddə Putin “DTK leytenantı” kimi göstərilib, başqa məlumat verilmir. Rusiya Prezidentinin rəsmi tərcümeyi-halına diqqət yetirilsə, axtarış günü, 1976-cı il sentyabrın 13-də 23 yaşı olduğunu, artıq DTK-nın operativ heyəti üçün hazırlıq kurslarını bitirdiyini və həqiqətən də ədliyyə baş leytenantı” attestatını keçdiyini görmək mümkündür.

Bundan başqa, axtarış protokolunda başqa bir DTK-nin leytenantı Koşelevin adı görünür. Həmin Koşelev sonradan Putin kimi Sankt-Peterburq meri Anatoli Sobçakın administrasiyasında çalışıb.

1976-cı il avqustun 3-də Sankt-Peterburqda Petropavlovsk qalasının divarında rəssam və hüquq müdafiəçisi Yuli Rıbakov, eləcə də yazıçı Oleq Volkov qırx metr uzunluğunda ağ boya ilə yazı yazmışdılar: “Siz azadlığı çarmıxa çəkirsiniz, amma insan ruhu qandal tanımır!".

Daha sonra həmin yazının müəllifləri həbs edilərək uzun müddətə azadlıqdan məhrum ediliblər.

Yuli Rıbakovun sözlərinə görə, təxminən eyni vaxtda həbs edilən və antisovet təbliğatında ittiham olunan yazıçı Yuliya Voznesenskayanın axtarışında da Rusiyanın hazırkı prezidenti Vladimir Putin şəxsən iştirak edib.

Musavat.com