Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün keçidi nəzərdə tutulub. Hazırda yük maşını Bərdədə dayanıb və girişi gözləyir.
Bunu Trend-in suallarını cavablandırarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, məlum hadisə separatçıların və BQXK - nin əsl simalarını bir daha ifşa edir. Bu rəzil bir davranışdır. Bununla da, həm separatçılar, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi heç bir ərzaq qıtlığının olmadığını və beynəlxalq dairələrin məsələni bilərəkdən siyasiləşdirdiklərini göstərir.
"Gözləmənin və gecikmənin səbəbi kimi separatçıların bəzi tələbləri, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin müəyyən təzyiqləri ola bilər.
Regionda geosiyasi mübarizə gedir. Azərbaycan ilk gündən hər kəsi bizim ərazimiz vasitəsilə Qarabağ regionuna yola salmağı təklif etmişdi. Lakin, Fransa təxribat törədərək məhz Ermənistan vasitəsilə humanitar avtomobilləri göndərdi.
BQXK- da Bakının tələblərinə məhəl qoymayaraq Xankəndi ofisini İrəvan ofisinə uyğunlaşdırdı. Dünən Borelin Ceyhun Bayramovla telefon danışığında Laçın yolu dərhal açılmalıdır kimi çağırışları, yuxarıda sadalanan digər faktorlar fonunda RQXK Samur, Bakı, Bərdə, Ağdam vasitəsilə Qarabağa daxil olmaqla bağlı Azərbaycanla razılığa gəlmişdi. Separatçıların yeni liderinin Rusiyaya yaxın olmasını nəzərə alsaq humanitar yükün daxil olması üçün Ağdərə beton şitlərindən və bir qrup insandan təmizlənməli idi.
Lakin, separatçıların istəkləri və bəzi xarici qüvvələrin fəaliyyəti Rusiyadan gələn yük avtomobilin Bərdədə gözləməsinə gətirib çıxarıb", - deyə o əlavə edib.
Politoloq həmçinin bildirib ki, separatçıların istəyi Laçın yolunun açılmasıdır. Lakin, onların istəyi bir şərtlə həllini tapa bilər və bunun RQXK - nin göndərdiyi humanitar yüklə əlaqəsi yoxdur.
"Laçında Azərbaycanın tələbləri yerinə yetirilməsi, Xankəndinin Azərbaycana reinteqrasiyasına start verilməlidir. Mümkün tələblərlə bağlı mülahizələrim ondan ibarətdir ki, Ağdam - Xankəndi yolunun açılması tələblərdən biridir. Bu yolun real açılışı bir yük avtomobilinin keçidi ilə baç tutmuş sayıla bilinməz. Laçın yolunun açılması üçün Ağdam - Xankəndi yolu tamamilə funksional olmalı, Laçına giriş Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Qarabağda erməni rezidentlər vətəndaşlıq almalı və ya müvəqqəti qeydiyyata düşməlidirlər. Qarabağa giriş - çıxış miqrasiya və vətəndaşlıq qanunvericiliyi əsasında olmalıdır. Qarabağdakı erməni rezidentlər sabibkarlıq fəaliyyəti üçün ədliyyə və vergi reyestrlərindən keçməlidirlər",- deyə Z. Məmmədov vurğulayıb.
Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Əsgərana daxil olması təmin edilməyib. Rusiya Qızıl Xaçının ərzaq maşını hazırda Bərdədə dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir.
Milli.Az